CƏMİYYƏT
Builki mövsümdə arıçılar ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb
Bakı, 10 sentyabr, AZƏRTAC
“ 2024-cü il mövsümündə əvvəlki illərdən fərqli olaraq təkcə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan bölgələr deyil, əlavə olaraq daha 8 rayonda fəaliyyət göstərən arıçılara da öz təsərrüfatlarını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək icazəsi verilib. Nəticə etibarilə builki mövsümdə portalda 4 min 217 qeydiyyatdan keçmiş arıçı ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb”.
AZƏRTAC xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında deyib.
V.Hüseynov qeyd edib ki, arıçılıq təsərrüfatları təkcə Kəlbəcər, Laçın yaylaqlarında deyil, həmçinin Qubadlı, Zəngilan, Xocavənd və digər ərazilərdə yerləşən yaylaqlarda da mövsüm keçiriblər.
“Azad olunmuş ərazilərdə bu il yaylaq mövsümündə yağıntılar çox olub. İlkin dövrdə arıçılarda məhsulun az olacağı ilə bağlı narahatlıq yaranmışdı. Yağıntılı dövrün başa çatması və bölgənin zəngin bitki potensialı arıçılarımıza mövsüm ərzində kifayət qədər bal yığmağa imkan verib. Bu gün həmin arıçıların bir qismi öz məhsullarını yarmarkada satışa çıxarıblar”, - deyə V. Hüseynov qeyd edib.
Qeyd edək ki, sentyabrın 9-da başlamış və sentyabrın 29-dək davam edəcək bal yarmarkasında qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.
Yarmarkada iştirak üçün hər bir arıçıya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.