Bursada “Türk dünyasının şah əsərləri” şüarı ilə möhtəşəm konsert
Ankara, 19 noyabr, AZƏRTAC
Türkiyənin Bursa şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə və Yunus Əmrənin ölümünün 700 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Türk dünyasının şah əsərləri” şüarı altında start götürən və Bursada keçirilən üçüncü konsert proqramında rəsmi şəxslər, yerli ictimaiyyətin tanınmış simaları tamaşaçılar arasında olublar.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaşa Nizami Gəncəviyə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova isə Yunus Əmrə ilə bağlı xatirə hədiyyələri təqdim edib.
Bursadan əvvəl Ədirnədə fəaliyyət göstərən Trakya Universitetində və Təkirdağdakı Yəhya Kamal Bayatlı Mədəniyyət Mərkəzində keçirilən konsertin noyabrın 20-də Antalyada təşkil edilməsi nəzərdə tutulub.
Konsert proqramlarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tanınmış musiqiçilər səhnədə yer alıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara