Buryatiyada yaşayan azərbaycanlı “Qəlbin hökmü ilə” medalı ilə təltif edilib
Moskva, 29 mart, AZƏRTAC
Buryatiyada yaşayan bir azərbaycanlı pandemiya dövründə tibb işçilərinə, pensiyaçılara və çoxuşaqlı ailələrə kömək etdiyinə görə “Qəlbin hökmü ilə” medalı ilə təltif edilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Buryatiyada yaşayan azərbaycanlı iş adamı Xalid Heydərov karantin dövründə COVID xəstəxanasında çalışan tibb işçilərini dəstəkləmək üçün onlara təzə meyvə və tərəvəz gətirib. Sonra o, Ulan-Udenin digər sakinlərinə də kömək edib: pensiyaçılara və çoxuşaqlı ailələrə pulsuz ərzaq məhsulları çatdırıb. Buryatiyanın hakimiyyət orqanları X.Heydərovu medalla təltif ediblər.
29 yaşlı Xalid Heydərovun Ulan-Udedə meyvə-tərəvəz mağazası var. Keçən il yaz aylarında COVID xəstəxanalarının yerləşdiyi “qırmızı” zonalarda həkimlərin fasiləsiz işləmələri barədə bir neçə telesüjetə baxandan sonra o, tibb işçilərinə kömək etməyi qərara alıb. Daha sonra Xalid sosial şəbəkələrdə bu şəhərdə fəaliyyət göstərən digər sahibkarlara müraciət edərək ondan nümunə götürmələrini təklif edib.
Həmvətənimizə həsr edilmiş materialda deyilir: “Xalid kömək üçün ona müraciət edənlərin heç birinə rədd cavabı vermir, onlara meyvə və digər ərzaq məhsulları ilə kömək edir, ehtiyacı olan hər kəsə maska və əlcək alırdı. O, hər gün 15-20 ailəyə kömək edirdi”.
Sərt karantin dövrü başa çatandan sonra Xalid Heydərovun mağazasında müştərilərin sayı artıb. Kömək etdiyi insanların çoxu onun daimi alıcılarına çevrilib. Sonradan o, şəhərin mərkəzində kiçik bir restoran da açıb.
Buryatiya hökuməti bu yaxınlarda sahibkar həmvətənimizi “Qəlbin hökmü ilə” medalı ilə təltif edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva