Buxarest Sazişi - vəd edilən perspektivlər
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində iştirakı günü-gündən artmaqdadır. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu Memoranduma əsasən Azərbaycan Avropa İttifaqına ixrac etdiyi qazın həcmini 2026-cı ilə qədər iki dəfə artıraraq 18 milyard kubmetrə çatdıracaq.
Avropa İttifaqının yaşıl enerjiyə tələbatı da artmaqdadır. Azərbaycan həm də böyük yaşıl enerji potensialına malik ölkədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yaşıl enerji potensialının istehsalı və ixracı istiqamətində böyük layihələr icra olunur. Belə ki, ölkəmizin yaşıl enerji potensialı quru ərazilərində 27 qiqavat, dənizdə isə 157 qiqavat dəyərləndirilir. Artıq qlobal şirkətlərlə bu enerji potensialının istehsal olunması istiqamətində layihələr imzalanır və reallaşdırılır. Beləliklə 2027-ci ilə qədər 4 qiqavat külək və günəş enerjisi istehsal olunacaq. 2037-ci ildə isə əlavə 7 qiqavat yaşıl enerji gücü dövriyyəyə qoşulacaq. İstehsal olunacaq yaşıl enerjinin 80 faizinin ixrac edilməsi nəzərdə tutulur.
Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov AZƏRTAC-a açıqlamasında deyib.
“Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Avropa ölkələrinə çatdırılmasına imkan yaradacaq. Layihədə yüksək gərginlikli kabellər vasitəsilə Qara dənizin dibi ilə Gürcüstandan Ruminiyaya yeni yaşıl enerji dəhlizinin yaradılması nəzərdə tutulur. Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilməsi planlaşdırılır. Bu o deməkdir ki, Azərbaycanın perspektiv planları Avropa ilə Asiya arasında əməkdaşlıqda rolumuzu və əhəmiyyətimizi daha da artırır”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, bu gün dünyada yeni beynəlxalq dəhlizlərin inşasına maliyyə yatıran və məsuliyyəti öz üzərinə götürüb risk edən ölkələr demək olar ki, yoxdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gətirdiyimiz beynəlxalq dəhlizlər isə bu gün ən səmərəli və vacib layihələrə çevrilir. Vaxtilə Cənub Qaz Dəhlizi layihəsinin çəkilməsini gündəmə gətirəndə, Avropa İttifaqı bu layihəyə şübhə ilə baxırdı. Amma bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizi alternativsiz yeganə ümid yerinə çevrilib.
Deputat diqqətə çatdırıb ki, təşəbbüsümüzlə və iştirakımızla ərsəyə gətirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı, Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərinin nəinki Azərbaycan üçün, həm də böyük bir coğrafiyanın iqtisadi əməkdaşlığının davam etdirilməsi və genişləndirilməsi üçün çox vacib layihələr olduğu təsdiq edilib.
“Bu gün Avropa və Asiyanın diqqəti Azərbaycandadır. Prezident İlham Əliyevin iştirakı və təşəbbüsü ilə Buxarestdə imzalanmış bu yeni Saziş də böyük perspektivlər vəd edir. Bu layihələr dostlarımızın sayını artırmaqla siyasi gücümüzə yeni güc əlavə edir, təhlükəsizliyimizin qarantına çevrilir, iqtisadi gücümüzü artırır, həm də dost ölkələrə böyük gəlirlər qazandırır. Reallaşdırdığımız hər bir beynəlxalq layihə sözümüzün imzamız qədər möhkəm və dəyişilməz olduğunu təsdiq edir. İnanıram ki, Qara dənizin dibi ilə icra olunacaq yaşıl enerjinin nəqli layihəsi də gələcəyə böyük perspektivlər vəd edir və gələcəkdə bu istiqamətdə yeni rəqəmsal xətlər də inşa edilməklə Azərbaycanı böyük tranzit habına çevirəcək”, - deyə Azər Badamov qeyd edib.