Buxarest Sazişi Strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun davamıdır
Bakı, 19 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin təbirincə desək, Buxarest Sazişi Azərbaycanla Avropa arasında yeni enerji körpüsüdür. Burada söhbət daha böyük, möhkəm və daha əhəmiyyətli bir körpüdən gedir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev söyləyib.
Deputatın sözlərinə görə, Azərbaycan neftinin və qazının Qərbə çatdırılması müəyyən vaxtla məhdudlaşdığı halda, bərpaolunan enerjinin ixracı uzunmüddətli prosesdir. “Üstəlik qeyd edilməlidir ki, Azərbaycan bu addımı Avropanın enerji təhlükəsizliyində müəyyən boşluqların yarandığı vaxtda atır. Əslində, 4 ölkə arasında yaşıl enerjinin ötürülməsi barədə strateji tərəfdaşlıq haqqında saziş bu ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun davamıdır.
“Ümid edirəm ki, bu körpü, sadəcə, dörd dövləti birləşdirməklə məhdudlaşmayacaq, Avropanın digər dövlətləri də Azərbaycanın yaşıl enerjisindən faydalanacaq”, - deyə S.Alıyev vurğulayıb.
Avrasiyada enerji sahəsi üzrə böyük potensiala malik ölkələrdən birinin məhz Azərbaycan olduğunu deyən deputat ölkəmizin təsdiqlənmiş yaşıl enerji potensialının 184 qiqavat olduğunu diqqətə çatdırıb. O bildirib: “Bu, çox böyük rəqəmdir. Bu, bir neçə Avropa ölkəsinin ümumi enerji təchizatını tamamilə ödəməyə çatacaq potensialdır”.
Onun sözlərinə görə, bu anlaşma Fransanın Azərbaycanın enerji resurslarını boykota çağırdığı bir vaxtda baş tutur. Buxarest Sazişini imzalayanlardan biri olan Rumıniya Fransaya yaxın dövlətdir. Prezident İlham Əliyevin atdığı bu növbəti müdrik addım, sadəcə, Azərbaycanın artan yeni yaşıl enerji potensialı üçün bazarın təmin edilməsi baxımından deyil, həm də ölkəmizə düşməncəsinə yanaşan bəzi dövlətlərin əleyhimizə olan addımlarının neytrallaşdırılması baxımından çox önəmlidir.