BUXARESTDƏ RUMINİYA-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Cəmiyyətin tərkibinə elm, mədəniyyət, incəsənət xadimləri, Rumıniya parlamentinin deputatları, müxtəlif icmaların başçıları, tanınmış ziyalılar və nüfuzlu iş adamları daxildirlər.
İclasda demokratik əsaslarla gizli səsvermə yolu ilə cəmiyyətin idarə heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçilmişdir.
Daha sonra cəmiyyətin fəaliyyətinin genişləndirilməsinin vacibliyini nəzərə alaraq idarə heyəti qurumun Nizamnaməsinə dəyişikliklər edilməsinə, 7 regional nümayəndəliyin açılmasına və 4 regional nümayəndəliyin rəhbərlərinin seçilməsinə dair qərarlar qəbul etmişdir.
Sonra iclasın iştirakçıları Rumıniya ilə Azərbaycanın dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, ədəbi və mədəni sahələrdə əlaqələrin perspektivləri ilə bağlı idarə heyətinin üzvləri arasında vəzifə bölgüsü, fəaliyyət istiqamətləri, tədbirlər planı müəyyənləşdirmişlər.
Rumıniyada fəaliyyət göstərən dövlət arxiv və kitabxanalarında Azərbaycanla bağlı rəsmi sənədlərin, ədəbiyyat və təbliğat materiallarının yerləşdirilməsi, yeniləşdirilməsi prosesinin fəal surətdə davam etdirilməsi qərara alınmışdır.
Rumıniya ictimaiyyəti arasında, yerli KİV-lərdə Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, incəsənəti, müstəqillik yolu, son illərdə dövlətimizin apardığı uğurlu siyasi-iqtisadi, hüquqi islahatlar, əldə olunan nailiyyətlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və dolğun məlumatların mütəmadi yayılması istiqamətində aparılan işlərin davam etdirilməsi xüsusi vurğulanmışdır.
İclasda çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Baseskunun ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi, xalqlarımızın daha da yaxınlaşması istiqamətində apardıqları uğurlu siyasəti yüksək dəyərləndirmişlər.
İclasda Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Trayan Baseskunu Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin fəxri sədrləri elan edilmişlər.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin yeni seçilmiş rəhbər heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Atatürkün büstlərini ziyarət etmiş və abidələrin önünə gül dəstələri qoymuşlar.