“Caspian Energy Investment Forum”u keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də X Beynəlxalq “Caspian Energy Investment Forum” keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Caspian Energy Club”dan AZƏRTAC-a bildirilib ki, klubun sədri və baş icraçı direktoru Telman Əliyev deyib: “2020-ci il hər kəs üçün çətin olsa da, nəticələri çox sevindirici oldu. Azərbaycanın rəşadətli və şanlı Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə bizə zəfər və qələbə hissini yaşatdı, tarixi Azərbaycan torpaqları işğaldan azad olundu və yeni ili ərazi bütövlüyündə qarşılayacağıq”.
O bildirib: “Caspian Energy Forum” ənənəvi olaraq ildə 4 dəfə keçirilirdi. Sentyabrda Azərbaycanda, iyunda Gürcüstanda və sair. Təəssüflər olsun, pandemiya şəraitində məcbur olduq ki, ilin sonunda “Caspian Energy Forum” və Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimini keçirək. Texniki səbəblərdən forumu bir neçə hissəyə ayırdıq və indiki “Caspian Energy Investment Forum” sərmayələrə və ilin yekunlarına həsr olunub. 2021-ci ilin birinci yarısında neft-qaz, sənaye mövzusuna həsr olunmuş “Caspian Energy Forum” Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya və Özbəkistanda keçiriləcək. Məqsədimiz vahid bir platforma olaraq öz fəaliyyətimizi beynəlxalq arenada qalaraq inkişaf etdirməkdir. Bildiyiniz kimi, “Caspian Energy Club” martın 30-dan 111-ci tədbirini keçirir və bu münasibətlə klub üzvlərin təbrik edirəm. Bu gün X Beynəlxalq “Caspian Energy Investment Forum”un məruzəçiləri nitqlərində 2020-ci ilin yekunlarını və 2021-ci ilə olan məqsədlərini qeyd etdilər. Forumun onlayn şəkildə keçirilməsinə baxmayaraq, həm dövlət məmurlarının, həm də şirkət rəhbərlərinin qeydləri forum iştirakçılarına biznes mühitinin incəliklərinə sözün əsl mənasında toxunmağa imkan verdi”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov və Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədr müavini Samir Hümbətov 2020-ci ildə əldə olunan nəticələr və 2021-ci ilə dair məqsəd və gözləntilərini forum iştirakçıları ilə bölüşüblər.
Daha sonra “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, “ASE Asya Afrika hızlı kargo ve dağıtım” şirkətinin baş direktoru Rəşad Abasov, Azərbaycanın Qazaxıstandakı Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov, “Azersun Holding”in çay məhsulları üzrə marketinq direktoru Derya Cantutan Ata, “Debet Safety” şirkətinin baş direktoru Əsəd Nəsrullayev, “Kartaş LTD” MMC-nin baş direktoru Necmeddin Taşbağ, “Gazelli Group”un icraçı direktoru Nərmin İsmayılova, “Azpetrol LTD”nin Büdcəyə nəzarət şöbəsinin rəisi İlqar Əliyev və “Delta Group C.O.” MMC-nin baş direktoru İlkin Şabanov X Beynəlxalq “Caspian Energy Investment Forum”un iştirakçıları qarşısında geniş təqdimatları ilə çıxış ediblər.
X Beynəlxalq “Caspian Energy Investment Forum”un yekun sözü “Caspian Energy Club”un sədri və idarə heyətinin üzvlərinə verilib. Onlar “Caspian Energy Club” üzvləri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və hökumətin iqtisadi blok nümayəndələrinə 2020-ci ildə gördüyü işləri və sahibkarlara göstərilən dəstəyi, verilən motivasiya və töhfələri qeyd ediblər. İdarə heyətinin üzvləri forum iştirakçılarına 2021-ci ildə uğurlar və yeni müvəffəqiyyətlər arzulayaraq növbəti “Caspian Energy Forum”u Qarabağda keçirmək ümid ilə yekun sözü bitiriblər.
Forumda 50 ölkədən nümayəndə iştirak edib. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri olub.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.