Cəlilabadda payızlıq əkin üçün təsərrüfat sahiblərinə subsidiyaların verilməsinə başlanılıb
Cəlilabad, 22 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda payızlıq əkinlə bağlı təsərrüfat sahiblərinə subsidiyaların verilməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək rayonda elektron sistemdə 27 min fermer onlayn qaydada qeydiyyatdan keçib, 34 minə yaxın sənəd sistemə daxil edilib. Rayon üzrə beş minə yaxın fermer üçün bank kartı hazırlanaraq tərəfdaş bankların yerli filialları tərəfindən onlara təqdim edilib.
Hazırda Cəlilabad rayonunda bank kartlarının təsərrüfat sahiblərinə paylanması və subsidiyaların kartlara köçürülməsi prosesi davam edir.
İndiyədək rayonda 5 hektar sahədə dənli-paxlalı bitkilər üzrə yazlıq əkini keçirilib.
Məhsul istehsalçılarına güzəştli şərtlərlə “Azot” gübrəsinin satışı ilə əlaqədar ölkəmizdə təchizatçı kimi 80-dən çox təşkilat qeydiyyatdan keçib. Cəlilabadda da “Aqrolizinq”in rayon nümayəndəliyi ilə yanaşı, 5 təchizatçı təşkilat məhsul istehsalçılarına xidmət göstərir.
Martın əvvəllərindən başlayaraq “Aqrolizinq”in Cəlilabad rayon nümayəndəliyi tərəfindən yerli sahibkarlara 400 tondan çox taxıl yemləmə gübrələri satılıb.
Qeyd edək ki, martın 15-dən başlayaraq Aqrar Kredit və İnkişaf Agentliyinin səyyar xidməti də yeni bank kartlarının təsərrüfat sahiblərinə çatdırılmasında yaxından iştirak edir.