Cənubi Kaliforniyada “Erməni gücü” adlı cinayətkar qrup ifşa edilmişdir
Vaşinqton, 17 fevral (AZƏRTAC). ABŞ-ın Ədliyyə Nazirliyi Birləşmiş Ştatlarda fəaliyyət göstərən daha bir erməni cinayətkar dəstəsinin ifşa edilməsi haqqında rəsmi məlumat yaymışdır.
Məlumatda deyilir ki, Los-Ancelesin hüquq mühafizə orqanları fevralın 16-da “Erməni gücü” (Armenian Power) adlı cinayətkar dəstənin 100-ə yaxın üzvünü həbs etmişdir. Cinayətkar dəstə uşaq oğurluğu, şantaj, bank fırıldaqçılığı və narkotik maddələrin alverində ittiham olunur.
Həbs olunan ermənilərə qarşı reketə və korrupsiya əleyhinə mübarizə haqqında federal qanunu (RİCO) pozmaqla cinayət törətməyə görə ittiham irəli sürülmüşdür. RİCO ittihamları başqasının adından istifadə edilməsi, kredit kartları məlumatlarının saxta yolla əldə olunması, saxta çeklərin düzəldilməsi və s. qanunsuz əməllərə görə məsuliyyət nəzərdə tutur. İttihamda bildirilir ki, cinayətkar dəstənin əməlləri nəticəsində Cənubi Kaliforniyadakı “99 Cents Only Stores” satış mərkəzinin yüzlərlə müştərisi zərər çəkmişdir. Kassa aparatlarında xüsusi qurğu quraşdıran cinayətkar dəstə müştərilərin bank hesablarından iki milyon dollar məbləğində vəsaiti mənimsəmişdir.
Cinayət işində qeyd edilir ki, cinayətkar ermənilər uşaq oğurluğu ilə də məşğul olmuşlar.
ABŞ prokuroru Andre Birotte demişdir ki, bu cinayətkar dəstədən hər cür pis əməl gözləmək olar. Dəstənin üzvləri maliyyə fırıldağı ilə yanaşı, bank müştərilərinin həyatına da qəsd etməklə məşğul olmuşlar.
Federal Təhqiqat Bürosunun Los-Ancelesdəki nümayəndəsi Steven Martines bildirmişdir ki, “Erməni gücü”nün 200 nəfər üzvü vardır. Bu beynəlxalq cinayətkar təşkilatın qalan üzvlərinin də axtarışı davam etdirilir. Onlar Afrika-Amerika küçə banditləri və rüşvətxor bank işçiləri ilə əlbir fəaliyyət göstərirlər.
Steven Martines demişdir ki, “Erməni gücü”nün üzvləri ictimaiyyəti qorxu içərisində saxlayır, bütövlükdə ölkənin təhlükəsizliyini hədəfə alırlar. Bu dəstə silah satışı ilə məşğul olur.
Müəyyənləşdirilmişdir ki, qrupunun üzvləri hətta həbsdə olanda da cinayətkar əməllərini davam etdirmişlər. Cinayətkarlardan ikisi həbsxanadan mobil telefonlarla dəstənin digər üzvləri ilə əlaqə yaratmışlar. Qrupun Ermənistanda və Rusiyada “qanuni oğru” hesab edilən bir çox cinayətkarlarla birbaşa əlaqəsi vardır. “Erməni gücü”nün üzvləri həmin “qanuni oğru” cinayətkar şəbəkəsi ilə əlbir fəaliyyət göstərirlər.
Məlumatda deyilir ki, ittiham olunanları 10 və 20 illik həbs cəzası gözləyir.
Şəfəq Akifqizi
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton