Cənubi Koreya KXDR-də yeni raket sınaqları ilə bağlı təcili iclas keçirib
Bakı, 4 may, AZƏRTAC
Cənubi Koreya Prezidentinin Administrasiyası KXDR-də raket sınaqlarının keçirilməsi ilə bağlı məlumat daxil olduqdan sonra təcili iclas çağırıb.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının Prezidenti yanında fəaliyyət göstərən Milli Təhlükəsizlik İdarəsinin rəisi Çon Iy Yonun rəhbərliyi ilə keçirilən iclasda milli müdafiə naziri Çon Gön Du və Milli Kəşfiyyat Xidmətinin direktoru So Hun da iştirak ediblər. Cənubi Koreya Prezidentinin mətbuat katibinin sözlərinə görə, iclas iştirakçıları “vəziyyəti diqqətlə izləyir və Amerika tərəfi ilə məlumat mübadiləsi aparır”.
Koreya Respublikasının Prezident Administrasiyası, həmçinin Pxenyanı Koreya yarımadasında hərbi gərginliyi artıran fəaliyyətlərdən imtina etməyə çağırıb. “Biz KXDR-in nüvəsizləşdirmə məsələsi ilə bağlı danışıqların tez bir zamanda bərpa olunması cəhdlərinə qoşulacağını gözləyirik”, - Prezident Administrasiyası nümayəndəsinin bəyanatında belə deyilir.
Qeyd edək ki, bir qədər əvvəl Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadla KXDR-in Yapon dənizi istiqamətində bir neçə yaxın mənzilli raket atdığı barədə məlumat yaymışdı. Raketlərin 70-200 kilometr uçaraq dənizə düşdüyü bildirilir.