DÜNYA
Cənubi Koreya tənhalıqla mədəniyyətin köməyi ilə mübarizə aparır
Bakı, 26 noyabr, AZƏRTAC
COVID-19 pandemiyasının səbəb olduğu geniş yayılmış tənhalıq hissi ilə əlaqədar olaraq, Cənubi Koreyada tənhalıq problemini həll etmək və onu mədəniyyət vasitəsilə müalicə etmək üçün “Mədəni Diskurs Layihəsi”nə start verilib.
AZƏRTAC Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, bu təşəbbüs mədəni qarşılıqlı fəaliyyətdən tənhalıqla mübarizə vasitəsi kimi istifadə edilməsinə və vətəndaşlar arasında sosial əlaqələrin möhkəmləndirilməsinə yönəldilib.
Mədəniyyət, İdman və Turizm Nazirliyinin ötən il keçirdiyi sorğuya əsasən, hər 10 koreyalıdan yeddisi müntəzəm olaraq tənhalıq hissi keçirir və bu, tənhalığın getdikcə adi hala çevrildiyindən xəbər verir. Nazirlik əlavə edib ki, tənhalıqla mübarizə aparılmasa, bu, təkcə emosional depressiyaya deyil, həm də sosial təcrid və qapalılıq vəziyyətinə gətirib çıxara bilər.
Tədqiqatlar göstərir ki, təcrid olunmuş və ya qapalı vəziyyətdə olan 340 minə yaxın gəncin sosial xərcləri hər il təxminən 7,5 trilyon von (5,4 milyard dollar) təşkil edir və bu, cəmiyyətin bu problemi birgə həll etmək üçün siyasi səylər göstərməli olduğunu göstərir.
Nazirlik mədəniyyətə bu problemin potensial həlli kimi baxıb və hesab edib ki, mədəni məzmunun müsbət gücü vətəndaşların xoşbəxtlik səviyyəsini artıra bilər.
Mədəniyyət naziri Yu İn Çonun sözlərinə görə, onun rəhbərlik etdiyi qurum sosial problemlərə alternativ və praktiki həllər təqdim edə biləcək mədəniyyət siyasətinin inkişafına xüsusi diqqət yetirir. “Biz cəmiyyətin qarşısında duran müxtəlif problemlərin həllində vətəndaşların xoşbəxtlik səviyyəsini və həyat məmnunluğunu artırmaq üçün mədəniyyətin müsbət gücündən istifadə edəcəyik”, - deyə o bildirib.
İlk addım olaraq, nazirlik tənha insanların sayını azaltmaq üçün başqaları ilə ünsiyyət qurmağın vacibliyi haqqında məlumatı yayaraq, “Mədəni Diskurs” layihəsi çərçivəsində incəsənət və humanitar elmlər vasitəsilə münasibətlər quran təcrübələr təqdim etməyi planlaşdırır. Ölkənin müxtəlif bölgələrində bir çox mədəni tədbirlərin keçirilməsi də planlaşdırılır.