Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb
Pekin, 8 iyul, AZƏRTAC
COVID-19 pandemiyasının 4-cü dalğasının müşahidə olunduğu Cənubi Koreyada ötən sutka virusa yoluxma sayında antirekord qeydə alınıb.
AZƏRTAC Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına istinadla xəbər verir ki, ötən gün ölkədə 1227 nəfərin virusa yoluxduğu aşkarlanıb. Bundan əvvəlki antirekord isə (1241 yoluxma) keçən il dekabrın 25-də qeydə alınmışdı. Bundan başqa, ilk dəfədir ki, ardıcıl 2 gün sutkalıq yoluxma sayı 1200-dən çox olur. Bu hal Cənubi Koreya səlahiyyətli qurumlarını narahat etməyə başlayıb. Paytaxt Seul və ətraf ərazilərdə mövcud karantin rejiminin iyulun 1-də yumşaldılması ilə bağlı əvvəlcədən qəbul olunmuş qərarın icrası epidemik vəziyyət nəzərə alınaraq təxirə salınıb. Bu qaydalara əsasən 5 nəfərdən çox adamın toplaşması, kafe və restoranların saat 22:00-dan sonra işləməsi qadağandır. Ümumiyyətlə ölkə üzrə yoluxmaların 80 faizi paytaxt Seulda qeydə alınıb.
Son günlər iş mərkəzləri, məktəblər, marketlər də daxil olmaqla bir neçə məkanda virus ocaqları aşkarlanıb ki, yoluxmalar arasında yeni növ koronavirusun daha təhlükəli ştamı olan “delta”ya da rast gəlinir. Son günlər yoluxanların təxminən 7 faizində məhz “delta” ştamı aşkarlanıb.
Hökumət epidemik vəziyyətin daha da pisləşəcəyi halda daha yuxarı səviyyədə sərt karantin rejiminin tətbiqini istisna etmir. Prezident Mun Ce-in polis və ordu qüvvələrinin, dövlət qulluqçularının epidemiya ilə mübarizə tədbirlərinə cəlb olunmasına göstəriş verib.
Qeyd edək ki, Cənubi Koreyada COVID-19 virusu əleyhinə vaksinasiya da davam edir. İndiyədək 15,44 milyon nəfər (ölkə əhalisinin 30 faizi) peyvəndin birinci dozasını, 5,49 milyon nəfər isə (10,8 faiz) ikinci dozanı qəbul edib. Vaksinasiyada ikidozalı “AstraZeneca”, “Pfizer” və “Moderna”, habelə birdozalı “Janssen” vaksinlərindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin