Ceyranbatan qəsəbəsində Aşura mərasimi keçirmək istəyənlər cərimələnib
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Polis İdarəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə edilib.
Qeyd edək ki, saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.