Çilinin “Infogate” agentliyi: Qarabağ Azərbaycan iqtisadiyyatında mühüm yer tutacaq
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Çilinin “Infogate” xəbər agentliyinin saytında AZƏRTAC-ın İspaniyadakı xüsusi müxbiri Nigar Cəfərlinin “Azərbaycan Prezidenti regional əməkdaşlığa səsləyib: Qarabağ iqtisadiyyatımızda və logistika sahəsində mühüm yer tutacaq” sərlövhəli məqaləsi dərc olunub (bax: https://www.infogate.cl/2021/04/24/presidente-de-azerbaiyan-llamo-a-la-colaboracion-regional-karabaj-ocupara-un-lugar-importante-en-nuestra-economia-y-en-el-sector-logistico/).
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan Diplomatik Akademiyasında dünyanın aparıcı “beyin mərkəzləri”nin təmsilçilərinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa həsr edilib.
Çili agentliyi vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransdakı çıxışında Qarabağın ölkənin iqtisadiyyatında, maliyyə siyasətində və əcnəbi investorlar üçün yeni perspektivdəki mühüm roluna diqqəti çəkib. Prezident İlham Əliyev Qarabağda üç hava limanı tikintisi, dəmir yollarının birləşdirilməsi və Zəngilanın regional logistika mərkəzinə çevrilməsi layihəsi üzrə işlərin başlandığını qeyd edib.
Vurğulanır ki, iki xalqın dinc yanaşı yaşamasından ötrü mühüm körpülərin salınmasından söhbət getdiyi zaman Prezident İlham Əliyev liderlərin iradəsinə və siyasi müdrikliyinə böyük əhəmiyyət verir. Azərbaycanın münaqişə səhifəsini bağlamaq niyyətinə və Ermənistan ilə sülh sazişi imzalamağa hazır olmasına baxmayaraq, Ermənistanın hakimiyyət orqanları aqressiv mövqelərini saxlamaqdadır. Lakin Azərbaycan Prezidenti gələcəyə baxan və sabitliyi ölkənin inkişafı üçün mühüm zəmin hesab edən insan kimi əməkdaşlığın nizama salınmasına hazır olduğunu bildirib.
Məqalədə vurğulanır ki, müharibə başa çatıb və Qarabağı dünyanın ən gözəl regionuna çevirmək üçün bu gün Cənubi Qafqazda inkişaf və əməkdaşlığın yeni strategiyasının formalaşdırılması zərurəti yaranıb.