ÇİMƏRLİKLƏRDƏ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi və Əzizbəyov rayonlarının sahilboyu ərazilərində yaradılan çimərliklərin bir çoxu tələblərə cavab vermir, istirahət edənlərin həyatı üçün təhlükə yaradır, xilasetmə işlərinə maneçilik törədir. Görülən tədbirlər nəticəsində Əzizbəyov rayonunun Mərdəkan, Səbail rayonunun Şıx, Binəqədi rayonunun Novxanı, Sumqayıt – Corat zonaları üzrə lazımi tələblərə cavab verən 21 özəl çimərlikdə xilasetmə postu təşkil edilmişdir. Postlar xilasedicilər, xilasetmə avadanlığı və müşahidə qülləsi ilə təmin olunmuşdur. Bu çimərliklərə yay mövsümündə fəaliyyət göstərməyə icazə verilmişdir.
Fəaliyyəti dayandırılan çimərliklərdə müvafiq tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi su hövzələrində istirahət edən vətəndaşlardan bir daha xahiş edir ki, öz həyat və sağlamlıqlarını təhlükə qarşısında qoymasınlar, yalnız xilasetmə avadanlığı ilə təchiz olunmuş çimərliklərdən istifadə etsinlər.