Çin ABŞ rəsmilərinin koronavirusla bağlı iddialarını rədd edib
Pekin, 24 aprel, AZƏRTAC
Rəsmi Pekin ABŞ rəsmilərinin Çinin yeni növ koronavirus (COVID-19) epidemiyasına gec və zəif cavab verməsi ilə bağlı iddialarını rədd edib.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qen Şuan ABŞ dövlət katibi Mayk Pompeonun müvafiq fikirlərini əsassız adlandırıb, ölkəsinin xəstəliyin nəzarət altına alınması və profilaktikası ilə bağlı açıq, şəffaf və lazımi fəaliyyət göstərdiyini deyib.
Son müsahibələrinin birində Çinin yeni növ koronavirus barədə hələ ötən ilin noyabrında məlumatlı olması ehtimalını səsləndirən M.Pompeo rəsmi Pekini bu məsələdə qeyri-şəffaflıqda günahlandırıb. O, Çinin beynəlxalq ictimaiyyəti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) yeni növ koronavirus barədə məlumatlandırmaqda gecikdiyini deyib.
Çin tərəfi isə ABŞ rəsmilərinin oxşar ittihamlarını hər dəfə rədd edib və ÜST-ni infeksiya barədə dərhal məlumatlandırdığını bildirib.
Q.Şuan ötən il dekabrın 27-də Hubey vilayət xəstəxanasının respirator xəstəliklər departamentinin direktoru Can Cisienin səlahiyyətli şəxslərə şübhəli xəstəlik barədə məlumat verdiyini, dekabrın 29-da isə Hubey vilayəti və onun inzibati mərkəzi olan Uxan şəhərinin səhiyyə komitələri xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinə, xəstəxanalara epidemioloji araşdırma aparmaq barədə göstəriş verdiyini deyib. Bir gün sonra isə Uxanın səhiyyə komitəsi tabeliyindəki səhiyyə ocaqlarına naməlum mənşəli sətəlcəm xəstəliklə bağlı təcili elan verib. Dekabrın 31-də isə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi epidemik vəziyyətin idarə olunmasına rəhbərlik etmək və yerində araşdırma aparmaq üçün xüsusi işçi qrupu Uxana ezam edib.
Çin XİN rəsmisi ölkəsinin yanvarın 3-dən etibarən ÜST-yə, Birləşmiş Ştatlar da daxil olmaqla müxtəlif dövlətlərə virus barədə mütəmadi məlumatlar təqdim etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Uxan şəhərində aşkarlanan və əvvəlcə sürətlə Çində, sonra isə digər ölkələrdə yayılan COVID-19 infeksiyasına indiyədək dünyada 2 milyon 760 mini, ölənlərin sayı isə 193 mini ötüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin