CƏMİYYƏT
Çin Azərbaycana tibbi ləvazimat tədarükünü davam etdirəcək
Bakı, 23 aprel, AZƏRTAC
Çin Xalq Respublikası Azərbaycana tibbi ləvazimat tədarükünü davam etdirəcək.
Çinin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyasının başlanmasından bəri Çin və Azərbaycan bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir. Bu, iki ölkənin qarşılıqlı yardım və müdafiədə səmimi dostluğunu əks etdirir. Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Eləcə də Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri dəf etməyə hazırdır. Tam inanırıq ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaq.
Cari il aprelin 2-də Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk dəstini (5000 nəfərlik COVID-19 infeksiyasını aşkarlayası testi) verib. Bu əsasda Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tədarükünü davam etdirəcək. Yuxarıda göstərilən vasitələr sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gətiriləcək.
Virusların sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmənidir. Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha parlaq olacaq.