Çində apreldən sonra yoluxma sayında yeni antirekord qeydə alınıb
Pekin, 13 yanvar, AZƏRTAC
Ötən sutka Çinin materik hissəsində COVID-19 infeksiyasına 115 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəm virusun ilk aşkarlandığı Çində aprel ayından sonra gündəlik ən çox yoluxma halıdır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 107 nəfər ölkə daxilində yoluxub, habelə xaricdən gələn 8 nəfərdə də yoluxma aşkarlanıb.
Ölkə daxilindəki yoluxma hallarının əsas hissəsi (90 nəfər) Pekinin ətrafındakı Hebey vilayətində qeydə alınıb. Hazırda həmin vilayətin 2 şəhərində tam qapanma rejimi tətbiq olunur.
Çində ötən sutka təsdiqlənmiş 115 yoluxma ilə yanaşı 38 asimptomatik hal da qeydə alınıb. Yanvarın ilk günlərindən aşkarlanan 556 simptomsuz yoluxanlar həkim nəzarəti altındadır.
Qeyd edək ki, yanvarın ilk günlərindən yoluxma hallarının çoxalması səbəbindən Çinin Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir. İndiyədək 9 milyondan çox adam peyvənd olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin