CƏMİYYƏT
“Cinayət təqibindən kənar fəaliyyət istiqamətlərinin xüsusiyyətləri” mövzusunda treninq keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Prokurorluğun fəaliyyət istiqamətlərinin müxtəlifliyi və yerinə yetirdiyi vəzifələrin ictimai əhəmiyyəti prokurorluq işçisinin hazırlıq və peşəkarlıq səviyyəsinə yüksək tələblər qoyur. Prokurorluq işçisinin fəaliyyətinin bu yüksək tələblərə uyğun qurulması üçün peşə hazırlığı səviyyəsinin təkmilləşdirilməsi istiqamətində davamlı təlim tədbirləri həyata keçirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı olaraq Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Cinayət təqibindən kənar icraatlar idarəsi ilə birgə müvafiq sahədə fəaliyyət göstərən tabe prokurorların yeni köməkçiləri üçün “Cinayət təqibindən kənar fəaliyyət istiqamətlərinin xüsusiyyətləri” mövzusunda treninq keçirilib.
Treninqin başlıca məqsədi peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması olub. Treninq üzrə tədris tədbirləri oktyabrın 12-dən 14-dək qarışıq formada: Bakı və Sumqayıt şəhərlərində qulluq keçən işçilər üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin inzibati binasında, digər ərazilərdə qulluq edən işçilər üçün internetlə “Zoom” proqramı vasitəsi ilə distant formada və canlı vaxt rejimində həyata keçirilib.
Treninqə təlimçi qismində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin təcrübəli işçiləri cəlb edilib, tədbirdə dinləyici qismində 27 tabe prokurorluqda xidmət edən 29 prokuror köməkçisi iştirak edib.
Tədbir çərçivəsində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı ekoloji təhlükəsizlik, ətraf mühitin mühafizəsi və təbiətdən istifadəyə prokuror nəzarətinin təşkili məsələləri, eləcə də mülki icraat qaydasında məhkəmədə baxılan işlərdə, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatlarda, yetkinlik yaşına çatmayanların maraqlarının qorunmasında prokurorun iştirakının təşkili və xüsusiyyətləri ilə bağlı mövzular üzrə tədris aparılıb.
Təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə, treninqin tədris proqramında nəzərdə tutulmuş tədbirlər vaxtında həyata keçirilib, tədris edilmiş əksər məşğələlərin elektron mətni dinləyicilərə təqdim olunub.
Dinləyicilər məşğələlər zamanı tədris olunan materiallara maraq göstərərək təlimçilərlə ünsiyyətdə aktiv olub, kursun yekunu üzrə müzakirələr zamanı qazandıqları bilik və bacarıqlardan razı qaldıqlarını ifadə ediblər.