Cocuq Mərcanlı: əhalinin məşğulluğu və sosial rifahın yaxşılaşdırılması diqqət mərkəzindədir FOTO
Cocuq Mərcanlı, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlətin diqqət və qayğısı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. 2016-cı ilin aprelində Azərbaycan Milli Ordusunun uğurlu döyüş əməliyyatları ilə Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra yenidən salınan kənddə əhalinin məşğulluğunun təmin edilməsi, sosial rifahının yaxşılaşdırılması, ərazidə kiçik sahibkarlığın genişlənməsi üçün çox iş görülüb.
Uzun illərdir istifadəsiz qalan torpaqlar əkib-becərilir, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edilir
Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kənd sakinlərinin məşğulluğunun təmin olunması daim dövlətimizin diqqət mərkəzindədir. Sakinlərin bir çoxu kənddə yaradılan idarə və müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, əkin üçün verilmiş torpaqlarda təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyasının, suvarma kanalının inşa edilməsi sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradıb. Kənd sakinləri uzun illərdir istifadəsiz qalan torpaqları əkib-becərir, müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edirlər.
2019-cu ildə kənddə 171 ton buğda, 56 ton arpa, 29 ton pambıq, 144 ton qarğıdalı, 429 ton şəkər çuğunduru, həmçinin tərəvəz məhsulları, 125 kiloqram barama, 1540 kiloqram bal istehsal edilib. 2020-ci ilin məhsulu üçün 78,5 hektarda buğda, 16,5 hektarda arpa, 22 hektarda yonca əkilib. Bu il 10 hektarda pambıq, 8 hektarda şəkər çuğunduru becərilməsi nəzərdə tutulub.
Heyvandarlığın inkişafına da diqqət yetirilir
Cocuq Mərcanlı sakinlərinin kənd işğal edilənə qədər əsas məşğuliyyətlərindən biri də heyvandarlıq olub. Odur ki, kənddə aqrar sektorun digər sahələri kimi heyvandarlığın inkişafına da diqqət yetirilir. Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində yaradılan yem emalı müəssisəsi kənd sakinlərin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə, həmçinin 150 başlıq cins heyvandarlıq kompleksinin inşası nəzərdə tutulub.
25 nəfər özünüməşğulluq proqramına cəlb edilib
Əhalinin məşğulluğunun təmin edilməsi, kiçik ailə təsərrüfatlarının yaradılmasına yönələn tədbirlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının həyata keçirilməsidir. Proqrama cəlb edilən 25 kənd sakininə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə təlim kursları keçilib. 11 ailənin hər birinə yanında balası olan iki baş inək, 14 ailənin hər birinə isə 21 baş qoyun verilib. Bu tədbir yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək məqsədi daşıyır.
Proqrama qoşulan kənd sakini Elnur Həsənova öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün 21 baş qoyun verilib. Qoyunçuluğu gəlirli sahə hesab edən təsərrüfat sahibi heyvanların sayını 100 başa çatdırıb. "Kəndimizə qayıtdıqdan sonra heyvandarlıqla məşğul olmaq qərarına gəldim. Ancaq təsərrüfat yaratmağa imkanımız çatmırdı. Sonra özünüməşğulluq proqramına qoşuldum. Təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələndim. Bizə 21 baş qoyun verdilər. Artıq 60 baş qoyun, 40 baş quzumuz var. Lazım olanda satırıq, kəsib ətini istifadə edirik. Heyvanların sayını 150 başa çatdırmağı nəzərdə tutmuşam. Təsərrüfatı inkişaf etdirmək üçün lazımi şəraiti olan tövlə tikmişəm. Yem bazasını təmin etmək üçün arpa və yonca əkirik".
Cocuq Mərcanlı sakinləri istixanalarda tərəvəz bitkiləri becərərək məhsul satışından mənfəət əldə edirlər
İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cocuq Mərcanlı kəndində istixanalar və arıçılıq təsərrüfatlarının yaradılması da kənd sakinlərinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlib. 15 ailəyə verilən və hər biri 160 kvadratmetr sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar damcı suvarma sistemi ilə təchiz olunub. İstifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Kənd sakinləri istixanalarda müxtəlif tərəvəz bitkiləri becərərək məhsul satışından mənfəət əldə edirlər.
Kənd sakini Zaur Xuduyev istixanada tərəvəz bitkilərini növbəlilik əsasında becərdiklərini deyib: "Keçən yay mövsümündə xiyar, qışda isə müxtəlif göyərtilər becərdik. Bir tondan çox xiyar götürdük. 700 manatdan çox gəlirimiz oldu. Hazırda yeni mövsümə hazırlıq görürük. Artıq torpaq altına mineral gübrələr verib, damlama suvarma sistemini qurmuşuq. Bir neçə gündən sonra toxum əkəcək, aprel ayının ikinci yarısı məhsul yığımına başlayaraq satış həyata keçirəcəyik".
Ötən il Cocuq Mərcanlıda 1540 kiloqram bal istehsal edilib
Türkiyə ilə birgə həyata keçirilən layihəyə uyğun olaraq Cocuq Mərcanlıda 15 ailəyə hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri gələcəkdə təsərrüfatın genişləndirilməsi üçün əlavə 10 ədəd yeşiklə, həmçinin arıçılıq avadanlıqları və materiallarla, xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Kənd sakinlərinə arı ailələrini bəsləmək üçün kurslar keçirilib, maarifləndirici vəsait verilib. Arıçılığın sirlərinə yiyələnən sakinlər təsərrüfatlarını genişləndirirlər. Hazırda kənddəki 19 arıçılıq təsərrüfatında bəslənilən 220 arı ailəsindən keçən il 1540 kiloqram bal istehsal edilib. 2019-cu ildə Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi ilə hazırlanan bal emalı üzrə mobil emalatxana istifadəyə verilib. Arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün nəzərdə tutulan mobil emalatxana Cocuq Mərcanlı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət edir.
Kənd sakini İlkin Təbrizli bildirib ki, arıçılığın sirlərinə köçkünlük illərində məskunlaşdıqları Oğuz rayonunda yiyələnib. Doğma kəndlərinə qayıtdıqdan sonra arıçılıq təsərrüfatını yaratmaq üçün onlara dəstək göstərilməsi sevincə səbəb olub: "Arıçılıqla bağlı təcrübəmiz olsa da, təsərrüfat yaratmağa imkanımız yox idi. Sağ olsun dövlətimiz, kənddə belə təsərrüfatlar yaradıldı. Burada arıçılığın inkişaf etdirilməsi üçün gözəl şərait var. Kənd ərazisində yaz və yay mövsümündə böyürtkən, qanqal, biyan, yulğun, yonca kimi balverən bitkilər çoxluq təşkil edir. Bu isə arıçılığın inkişafına imkan verir. Artıq pətəklərin sayını artırmışıq. Ötən il 100 kiloqrama yaxın balımız olub. Pətəklərdən götürdüyümüz balı həm özümüz istifadə edir, həm də satırıq. Gələcəkdə pətəklərin sayını 50-yə çatdırmağı nəzərdə tutmuşam. Növbəti illərdə balla yanaşı digər arıçılıq məhsulları götürəcəyik".
İnkubator məntəqəsinin fəaliyyət göstərməsi quşçuluğun inkişafına şərait yaradır
Cocuq Mərcanlı sakinləri İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində ötən il yaradılan inkubator məntəqəsinin fəaliyyətindən də yararlanırlar. İnkubator məntəqəsi 4000 ədəd yumurta tutumlu 2 inkubator dolabı və 2400 yumurta tutumlu 1 inkubator çıxış dolabı ilə təchiz olunub. Artıq inkubator məntəqəsində 4000 cücə çıxarılaraq, Cocuq Mərcanlının, eləcə də Füzuli rayonunun yaxınlıqdakı kəndlərinin əhalisinə verilib.
Kənd sakini Sara Mehdiyeva kənddə inkubatorun fəaliyyətə başlamasından razılıq edərək deyib: "Kənd yerini toyuq-cücəsiz təsəvvür etmək olmaz. Biz də kənddə yeni yaradılan inkubatordan bir ay əvvəl 200, bir neçə gün bundan qabaq isə 120 cücə götürmüşük. Cücələr diqqət və qulluq tələb edirlər. Cücələr isti və quru yerdə bəslənməli, yemi, suyu vaxtında verilməlidir. Cücələri böyüdüb həm ətindən, həm də yumurtasından istifadə edəcəyik".
Cocuq Mərcanlıda Türkiyə ilə birgə həyata keçirilən layihələrin davamı olaraq suvenir istehsalı müəssisəsi də inşa edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra burada onlarla kənd sakini işlə təmin olunacaq. Məhsullar "Cocuq Mərcanlı" loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq. Bir sözlə, dövlətimizin yüksək diqqət və qayğısı ilə yenidən qurulan Cocuq Mərcanlıda əhalinin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına, kiçik sahibkarlığın genişlənməsinə şərait yaradır.