Coğrafi adların elektron bazasının müzakirəsi aparılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi keçirilib.
Elektron baza Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”na əsasən yaradılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Coğrafiya və Tarix institutlarının direktorları, akademiklər Ramiz Məmmədov və Yaqub Mahmudov, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim İsmayılov, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov və başqaları iştirak ediblər.
Nazim İsmayılov təqdimatla çıxış edərək tədbirlər planına əsasən “Geodeziya və Kartoqrafiya” MMC-də Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış milli transliterasiya standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradıldığını diqqətə çatdırıb. O, bazaya daxil edilən 4590 yaşayış məntəqəsinin adları arasında yazılışı şübhə doğuran bəzi adların dəqiqləşdirilməsinin lazım olduğunu qeyd edib.
Akademik Ramiz Məmmədov coğrafi toponimlərin (hələlik yalnız yaşayış məntəqə adlarının) düzgün yazılışının, onların rus dilindən deyil, birbaşa orijinaldan - Azərbaycan dilindən tərcümə və transliterasiya edilməsinin, düzgün hazırlanmış Azərbaycan xəritəsinin elektron variantının rəsmi saytlarda yerləşdirilməsinin və beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, əgər bu baza yaradılıb geniş istifadəyə verilərsə, hər hansı bir coğrafi toponimin təhrif edilməsinin, bədxah qonşularımız tərəfindən bu adların ermənicə izahının qarşısı alınmış olar. Bu iş mərhələlərlə həyata keçirilməlidir.
Tədbirdə bazanın səmərəliliyini artırmaq məqsədilə birgə işləmək üçün Coğrafiya, Tarix və Dilçilik institutları mütəxəssislərindən ibarət komissiyanın yaradılması təklifi irəli sürülüb.