ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun demoqrafiya məsələlərinə dair yeni nəşri işiq üzü görüb
Bakı, 10 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminovun “Azərbaycan Respublikasının sosial-demoqrafik inkişafı və məşğulluq problemləri” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 5 fəsildən ibarət olan elmi əsərdə ölkədə demoqrafik inkişafın və əhalinin məşğulluğunun müasir problemləri, onun həlli yolları geniş işıqlandırılır. Yeni nəşrdə “Demoqrafik potensial və əmək ehtiyatlarının formalaşmasının nəzəri konseptual məsələləri”, “Azərbaycanda əhali və əmək ehtiyatlarının formalaşması, bu prosesə təbii artımın təsirinin iqtisadi-coğrafi tədqiqi istiqamətləri”, “Azərbaycanda əhalinin sosial tərkibi və məşğulluğun iqtisadi-coğrafi tədqiqi istiqamətləri”, “Azərbaycanda miqrasiyanın əmək ehtiyatlarının sayı və tərkibinin dəyişməsində rolu” və “Azərbaycanda demoqrafik inkişafın sosial-coğrafi problemləri və məşğulluğun regional xüsusiyyətlərinin tədqiqi” mövzuları əhatə olunub.
Ölkənin demoqrafik vəziyyətini müəyyən edən doğum, ölüm, miqrasiya, əhalinin sosial tərkibi siyasi-iqtisadi və sosial-coğrafi proseslərin təsiri ilə daim dəyişir. Ona görə demoqrafik vəziyyətin nizamlanması, ölkənin davamlı sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün əhalinin daim öyrənilməsi, göstərilən problemlərin həll edilməsi istiqamətində davamlı tədbirlər görülməsi ilə yanaşı, elmi-tədqiqat işlərinin də aparılması zəruridir.
Əmək ehtiyatlarının sayının artımı, yaş-cins tərkibi, ixtisas-peşə və məşğulluq səviyyəsi, təbii artım prosesində iştirak etməsi uşaqlar və təqaüd yaşlı əhalinin demoqrafik göstəricilərindən də asılıdır. Bu prosesləri öyrənməklə əhalinin məşğulluq səviyyəsini yüksəltmək, onlardan səmərəli istifadə etmək, bu sahədə yaranmış problemlərin aradan qaldırılması yollarını və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmək mümkündür.
Əsərdə Azərbaycan, türk, rus və ingilis dillərində geniş həcmli ədəbiyyatdan, xəritə-sxem, diaqram, hədsiz sayda cədvəllərdən istifadə edilib. Həmin cədvəllərdəki saysız-hesabsız statistik rəqəmlər işin nə qədər zəhmət və diqqət tələb etdiyinə işarədir. Əsərin yazılmasında statistik məcmuə, qanunlar, Dövlət Proqramları, məcəllələr və elmi ədəbiyyatlardan istifadə edilib. Monoqrafiyada ölkədə olan sosial-demoqrafik problemlərin həlli istiqamətində bir sıra dəyərli təklif və tövsiyələr də verilib.
Kitab iqtisadiyyat, demoqrafiya və coğrafiya ixtisası üzrə təhsil alan bakalavrlar, magistrantlar və bu sahədə çalışan müəllim, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.