COP29-da təcili tibbi yardım müraciətlərini operativ yönləndirmək üçün bir sıra addımlar atılıb
Bakı, 30 oktyabr, AZƏRTAC
COP29 konfransı çərçivəsində təcili və təxirəsalınmaz tibbi yardım üçün Mərkəzi Çağrı Xidmətinə daxil olan müraciətləri operativ yönləndirmək üçün bir sıra addımlar atılıb. COP29 tədbirinə hazırlıq üçün ingilis dilini bilən işçilərdən ibarət növbələr qurulub. Bütün kompüterlər sazlanıb, yeni call-center avadanlıqlarla təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, həmçinin data serverə baxış keçirilib, gələcəkdə baş verə biləcək texniki nasazlığın qarşısını almaq məqsədilə server yeni ötürücü qurğularla təchiz olunub:
"Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionundakı həkim məntəqələrinə ingilis dili biliyi olan ixtisaslı həkim və orta tibb işçiləri cəlb edilib. COP29 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportunda tibbi xidmətin təşkil olunması ilə əlaqədar xidmət göstərəcək təcili yardım briqadaları təyin edilib. COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarəedilməsi üzrə keçirilən monitorinqlərdə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım briqadaları müxtəlif marşrut və ssenarilər üzrə yoxlamaları uğurla yerinə yetirib" , - deyə V.Qurbanov vurğulayıb.