Daha bir bank “Nargis” Fondunun aztəminatlı ailələrə dəstək kampaniyasına qoşulub
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan olunduğu gündən etibarən “Nargis” Fondu tərəfindən yaşlılara ərzaq bağlamaları göndərilir.
Fonddan AZƏRTAC-a bildirilib ki, dəstək aksiyası davam etdiyi müddətdə COVID-19-un yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən müraciətlər daxil olub. Bu səbəbdən “Nargis” Fondu aprelin 14-dən etibarən xeyriyyə kampaniyasını davam etdirir və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırır.
Bu xeyriyyə təşəbbüsünə dəstək verən ilk qurumlardan biri də “Bank Respublika” oldu. Bank tərəfindən kampaniyaya ayrılmış vəsait aztəminatlı ailələrin bir ay ərzində ərzaq tələbatını təmin edib.
Qeyd edək ki, “Bank Respublika”nın dəstəyi ilə yardım almış ailələrin əksəriyyəti Bakı ətrafı qəsəbələrdə yaşayan aztəminatlı şəxslərdir.