“DAKAR” RALLİSİNİN TƏŞKİLATÇILARI YENİ CƏNUBİ AMERİKA MARŞRUTUNU TƏSDİQ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, məşhur “Dakar” rallisinin təşkilatçıları bildirmişlər ki, 2009-cu ildə ralli ilk dəfə Argentina və Çilidə keçiriləcəkdir. Start 2009-cu il yanvarın 3-də Buenos-Ayresdə veriləcək, yarışlar on beş gündən sonra, yanvarın 18-də yenə Argentinanın paytaxtında başa çatacaqdır.
2008-ci ildə Böyük səhra qumsallıqlarında 30-cu, yubiley rallisi keçirilməli idi.Startı yanvarın 5-nə planlaşdırılmış “Dakar-2008” rallisi 2007-ci ilin dekabrında Mavritaniyada dörd fransız turist öldürüldükdən, bir neçə nəfər ağır yaralandıqdan sonra yarışların təşkilatçıları tərəfindən ləğv edilmişdir. Fransız turistlərin öldürülməsinə görə məsuliyyəti Mavritaniyanın terrorçu təşkilatı öz üzərinə götürmüşdür.
Mavritaniyanın və paytaxtının şərəfinə rallinin “Dakar” adlandırıldığı Seneqalın nümayəndələri etiraf etmişlər ki, onlar təşkilatçıların yarışları Cənubi Amerikaya keçirmək qərarına təəccüblənməmişlər.
Mavritaniyanın turizm naziri Madine Ba demişdir: “Biz bunu gözləyirdik. Təəssüf ki, mədəni irsimizi dünyaya nümayiş etdirmək kimi gözəl bir imkandan məhrum olduq. Səhrada səyahət etməkdən çoxlu insan zövq alırdı və mən əminəm ki, biz hər hansı digər yarışlar keçirəcəyik. Biz artıq variantlar axtarırıq”.
Seneqalın avtoidman prezidenti Dialo Kane demişdir: “Ümidvarıq ki, təhlükəsizlik şəraiti imkan verən kimi “Dakar” rallisi öz yerinə qayıdacaqdır. Rallinin bir çox iştirakçıları Dakara və Afrikaya məhəbbət bəslədiklərinə görə yarışlarda iştirak edirdilər”