DANİMARKA OMBUDSMANININ NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANLI HƏMKARLARININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, qonaqlar ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.
Sonra ombudsman aparatında nümayəndə heyəti ilə görüş keçirilmişdir. Onlara Azərbaycanda ombudsman institutunun yaradılması və fəaliyyəti, təsisatın strukturu, insan hüquqlarının bərpası sahəsində fəaliyyəti barədə geniş məlumat vermişdir.
Milli Məclisin insan hüquqları daimi komissiyası sədrinin müavini Rəbiyyət Aslanova qonaqlarla görüşərək Azərbaycanda insan hüquqları və demokratiyanın inkişafı sahəsində atılan addımlar, ölkəmizdə ombudsman təsisatının əhəmiyyəti və bu qurumun parlamentlə əməkdaşlığı barədə ətraflı məlumat vermişdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti, YUNİSEF-in nümayəndələri, Avropa Şurası Baş katibinin Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Mats Lindberq və Norveç Qadınlar Şurasının nümayəndəsi də qonaqları qəbul etmişlər. Bu görüşlər zamanı nümayəndə heyətinin üzvlərinə ombudsman təsisatının səmərəli fəaliyyəti, bu qurumla işgüzar əlaqələrdən söz açılmış, gələcək əməkdaşlıq müzakirə olunmuşdur.
Danimarkalı hüquq müdafiəçiləri ölkəmizdə penitensiar sistemdə, məhbusların hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlarla tanış olmaq məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi, general-mayor Aydın Qasımovla görüşmüşlər. Söhbət zamanı o, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, ombudsman təsisatı ilə Ədliyyə Nazirliyinin qarşılıqlı əməkdaşlığı barədə danışmış və ombudsmanın məhkumların hüquqlarının qorunması və bərpası istiqamətində böyük səylər göstərdiyini bildirmişdir.
Qonaqlar 4 nömrəli cəzaçəkmə müəssisəsində və uşaqlar üçün tərbiyə müəssisəsində məhbuslarla görüşmüş, onların saxlanılma şəraiti ilə tanış olmuşlar.