DANIŞIR FESTİVALIN QONAQLARI
Oleq Səfərəliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Rüstəm İbrahimbəyovun dəvəti ilə, onun ssenarisi əsasında “Təbəssümlə oyanaraq” filmini çəkməyə gəlmişəm. Çəkilişlərdə povestdən bir qədər uzaqlaşmışıq, çünki əsərdə hadisələr 1952-ci ildə baş verir. Biz isə hadisələri SSRİ-nin dağılmağa başladığı, millətlərarası münaqişələrin, yeni dövlətlərin yarandığı 1988-1989-cu illərə keçirdik.
Filmdə hadisələr Bakıya ilk qaçqınların gəldyi dövrdə paytaxtın həyətlərindən birində cərəyan edir. Filmin qəhrəmanı öz məhəbbət və ləyaqətini qorumaq üçün qonşularla münaqişəyə girir və az müddətdə cinayətkara çevrilir.
Film gözəl aktyor ansamblı – Teymur Bədəlbəyli, Fəxrəddin Manafov, Mehriban Zəki, Fuad Poladov, Elmira Şabanova və başqaları ilə də diqqəti cəlb edir. Xatırladaq ki, film “Qızıl çıraq” (2006) milli kinematoqrafiya müsabiqəsində ən yaxşı bədii film kimi mükafata layiq görülmüşdür. “Hazırda nə üzərində işləyirsiniz” sualına cavabında O.Səfərəliyev bildirmişdir ki, Rusiya telekanalları üçün bədii və sənədli televiziya filmləri çəkir.
Festivalın daha bir iştirakçısı, Rusiyanın əməkdar incəsənət xadimi, İtaliya, Brüssel beynəlxalq kinofestivallarında Qran-pri mükafatına layiq görülmüş, Monreal, Berlin, İspaniya və digər beynəlxalq kinofestivalların mükafatçısı rejissor Valeri Rubinçikdir. O, Bakıda dəfələrlə olsa da, festivalda ilk dəfə iştirak edir. Paytaxtımızdan heyranlıqla danışan V.Rubinçikin fikrincə, Bakıda Şərq gözəlliyi Qərb sivilizasiyası ilə vəhdət təşkil edir. O demişdir:
-Bu şəhər gözəldir. Nəhəng quruculuq işləri məni heyran qoymuşdur. Ən əsası isə, şəhər hazırda çox aktual olan “Şərq-Qərb” devizinə uyğun gəlir.