Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Qələbə Gününə həsr olunmuş yarış keçirilib
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində faşizm üzərində Qələbənin 74-cü ildönümü həsr olunmuş kombat ciu citsu üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, yeniyetmələr və gənclər arasında keçirilən yarışın açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışıb. Qeyd edilib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.
Daha sonra yarışlara start verilib.
İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov qaydalar barədə məlumat verib.
Birincilikdə müxtəlif yaş qrupunda və çəki dərəcələri üzrə 50 idmançı öz gücünü sınayıb. Yarışı Əməkdar məşqçi Rəsul Məmmədov idarə edib.
Sonda qaliblərə diplom və medallar təqdim olunub.