Daxili işlər orqanlarına yeni qəbul olunmuş zabitlərin andiçmə mərasimi keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Gənclərin daxili işlər orqanlarına orta və böyük rəis heyəti vəzifələrinə xidmətə test üsulu ilə aşkarlıq və şəffaflıq əsasında keçirilən qəbul müsabiqəsinin qalibləri Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ilkin hazırlıq kursu keçmişlər.
AZƏRTAC xəbər verir ki, mayın 7-də daxili işlər orqanlarına yeni qəbul olunan həmin zabitlərin “Polis Andı”nı içmələri ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
Polis Akademiyasının ilkin hazırlıq kursunu bitirən 64 dinləyicinin iştirak etdiyi mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsi önünə tər çiçəklər qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra ulu öndərin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların və polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilmişdir.
Andiçmə mərasimi başa satdıqdan sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev, fəal dinləyicilər və DİO veteranları çıxış edərək şəxsi heyəti təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Tədbirin yekununda təntənəli keçidlə əsas sıra meydanında “Polis Akademiyası marşı”nın sədaları altında şəxsi heyətin sıra keçidi olmuşdur.
######
