“DƏLİ KÜR” ROMANI TÜRKİYƏDƏ MARAQLA OXUNUR
Bakı, 23 iyul (AZƏRTAC). İyulun 23-də Atatürk Mərkəzində İsmayıl Şıxlının Türkiyədə işıq üzü görmüş “Dəli Kür” romanının təqdimatı keçirilmişdir.
İstanbulun Yıldız Yayıncılık və Reklamcılık Ltd. şirkəti tərəfindən böyük tirajla çap edilən əsəri türk dilinə çevirən yazıçı-tərcüməçi xanım Yasemin Bayer kitabın Türkiyə oxucuları tərəfindən çox maraqla qarşılandığını və oxunduğunu söyləmişdir.
Kitabın ilk səhifəsində İ.Şıxlının və Y.Bayerin tərcümeyi-halları, ədəbiyyat sahəsindəki xidmətləri və ədəbi mükafatları haqqında söz açılmışdır.
AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Slavyan Universitetinin rektoru Kamal Abdulla, xalq artisti Oqtay Mirqasımov, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, tanınmış jurnalist Qulu Məhərrəmli, “Azərbaycan” jurnalının redaktoru İntiqam Qasımzadə, türkiyəli qonaq Əli İhsan Gənc və başqaları İ.Şıxlının zəngin yaradıcılığından, “Dəli Kür” romanının məzmun və mahiyyətindən söz açmışlar.
Bildirilmişdir ki, əsərdə ötən əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən danışılır. Bu romanda azərbaycanlıların xarakteri və ruhu yüksək səviyyədə göstərilir və Cahandar ağa obrazı Azərbaycanın tarixi rəmzi kimi qiymətləndirilir.
Yasemin Bayer demişdir ki, görkəmli yazıçının Türkiyədə ilk dəfə çap olunan “Dəli Kür” romanı xalq yazıçısı kimi İ.Şıxlının yaşadığı bölgəyə, mənsub olduğu xalqın tarixinə və insanlarına nə qədər bağlı olduğunu göstərir. Yaxın zamanlarda yazıçının “Ölüləri qəbiristanlıqda basdırın” kitabı da Türkiyədə işıq üzü görəcəkdir.
Yazıçının oğlu Elçin Şıxlı Yasemin Bayerə və tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.