Dendrologiya İnstitutunda ilin birinci yarısında aparılan tədqiqat işləri müzakirə edilib
Bakı, 25 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Müəssisənin baş direktoru vəzifəsini icra edın biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovanın sədrliyi ilə keçirilən iclasda şöbə və laboratoriyalarda bu ilin birinci yarısında yerinə yetirilən elmi-tədqiqat işləri müzakirə edilib.
İclasda 8 laboratoriya və 7 şöbənin elmi və elmi-pedaqoji fəaliyyəti barədə hesabat verilib. Regionlara ekspedisiyalar təşkil olunmaqla qlobal iqlim dəyişkənliklərinin flora zənginliyinə təsir xüsusiyyətlərinin araşdırıldığı və bitki növlərinin yeni ərazilərə introduksiya edilməsinin uğurla öyrənildiyi vurğulanıb.
Elmi şuranın iclasının gündəliyində duran digər məsələ Dendrologiya İnstitutunun ictimai təşkilatlarla birgə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı iyulun 5-də “Gəncliyimiz gələcəyimizdir” adlı sərginin təşkili üzrə görülən işlərin müzakirəsi olub. Sərginin yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlərin görüldüyü qeyd edilib.
İclasda institutun gənc alimi Pərvin Əsgərovanın dissertasiya işi müzakirə edilib və növbəti mərhələdə müdafiəyə təqdim olunması qərara alınıb.