Dənizçilər 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmışlar
Bakı, 16 yanvar (AZƏRTAC). 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğından 24 il ötür. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, Azərbaycanın tarixinə parlaq səhifə yazdı, müstəqilliyimiz üçün yol açdı. Ötən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmamış, əksinə, onların qəhrəmanlıqlarını əbədi olaraq yaddaşlara həkk etmişdir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi də Vətənimizin azadlığı, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini daim uca tutur.
Faciənin ildönümü ərəfəsində - yanvarın 16-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivi Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş igid Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşdur.
Dənizçilər torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmkarlarının da məzarlarını ziyarət edərək, dərin ehtiramlarını bildirmişlər.
Sonra Dövlət Dəniz Akademiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Əvvəlcə dənizçilər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edənlər 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciənin mahiyyətindən danışmışlar. Qanlı Yanvar günü kimi yaddaşlara həkk olunan bu faciənin Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış insanların inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün reallaşdırıldığını deyən natiqlər qeyd etmişlər ki, buna baxmayaraq, xalqımız azadlığını hər şeydən daha üstün tutmuşdur. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Mərasimdə “Ulu öndər Heydər Əliyev və 20 Yanvar faciəsinə verilən siyasi qiymət” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə faciənin törədilməsindən 24 il keçməsinə baxmayaraq, Qanlı Yanvar gecəsinin heç bir azərbaycanlının yaddaşından silinməyəcəyi vurğulanmışdır. Bildirilmişdir ki, əslində 20 Yanvar kədər və matəm günü deyildir. 20 Yanvar milli-azadlıq hərəkatının başlandığı, xalqın imperiya xofundan azad olduğu, şüurlarda inqilabi dəyişikliklərin baş verdiyi qürur və şərəf günüdür.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, XX əsrdə totalitar sovet rejiminin həyata keçirdiyi ən qanlı terror aksiyasından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilən cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəlmiş dəhşətli qırğındır. Xalqımız bu qanlı faciəni heç vaxt unutmayacaqdır.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxmışlar.