Dənizçilər qanvermə aksiyasında iştirak ediblər
Bakı, 23 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri də qoşulublar.
QSC-dən AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun təşkil olunan qanvermə aksiyasında ASCO-nun sədri Rauf Vəliyev də iştirak edib. Gəmiçiliyin Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən aksiya “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda baş tutub.
Həkim hematoloqlar hər bir donorun sağlamlığını əvvəlcədən müəyyən edərək qan götürüblər. Toplanan donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.
Aksiyada dənizçilər böyük həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.
Qeyd edək ki, ASCO bu nəcib aksiyada artıq 4 ildir iştirak edir. Hər il 250-dən çox əməkdaş aksiyanın iştirakçısına çevrilir.