Deputat: ASAP kimi platformalar dövlətçiliyimiz, xarici siyasətimiz üçün çox önəmlidir
Bakı, 21 oktyabr, AZƏRTAC
ASAP xarici ölkələrin universitetlərində azərbaycanlı tələbə və məzunların şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyərək həmin ölkələrdə uğurlu təmsilçiliyinə şərait yaradır. Azərbaycanda bu kimi platformalar dövlətçiliyimiz, xarici siyasətimiz üçün çox önəmlidir. Bu platforma xaricdə təhsil alan gənclərimizi bir araya gətirmək və inkişaf etdirmək baxımından əhəmiyyətli rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və ASAP-ın fəxri sədri Fariz İsmayılzadə oktyabrın 21-də keçirilən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İkinci Hesabat-Seçki konfransında çıxışı zamanı söyləyib.
F.İsmayılzadə bildirib ki, xaricdə təhsil alan tələbələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin müxtəlif beynəlxalq forumlarda, platformalarda layiqincə təmsil olunmasında önəmli rol oynayırlar: “ASAP platforması azərbaycanlı tələbə və məzunların inkişafına yönəlmiş bir çox layihələr həyata keçirib. Bu layihələr gənclərin peşəkar bacarıqlarını artırmaq və müasir dövrün tələblərinə uyğun biliklərə yiyələnmələrini təmin etmək məqsədi daşıyır”.
Deputat ASAP-ın gənclərimiz üçün açdığı yeni imkanların və təcrübələrin, ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və imicinin möhkəmlənməsinə müsbət təsir etdiyini vurğulayıb: “Platformanın məqsədi gənclərimizi daha da irəlilətmək, onların uğurlarını dəstəkləməkdir. Bununla yanaşı, gənclərimiz arasında birlik və həmrəylik yaradaraq, Azərbaycanı daha da tanıtmaqdır”.