Deputat: Avropanın qaz təchizatında Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir
Bakı, 19 dekabr, AZƏRTAC
Buxarestdə imzalanan Saziş XXI əsrin yeni yaşıl enerji dəhlizi Sazişidir. Bu, dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq Sazişdir. Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq platforması yarada bilməsi qürurvericidir. XX əsrin sonunda “Əsrin müqaviləsi” möcüzəsini yaradan Azərbaycan XXI yüzilliyin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yarada bildi.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında söyləyib.
O bildirib ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təchizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpaolunan enerji təchizatı zərurətinə söykənir. Azərbaycanın isə bərpaolunan enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpaedilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək ixrac edə biləcəyini göstərir. Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirib ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir.
“Göründüyü kimi yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün mühüm əhəmiyyət daşıyır. Belə strateji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların yaşıl enerji kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbaycan etibarlı və güvənilir bir tərəfdaş kimi çıxış edir. Elə bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da ayrıca bir hadisə kimi yadda qalmışdı. Artıq həmin sənədin icrasına başlanılıb. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdisə, bu il ixracat rəqəmi 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il isə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək”, - deyə H.Babaoğlu diqqətə çatdırıb.
Onun sözlərinə görə, rəqəmlər özlüyündə tərəfdaşlığın hansı səviyyədə olduğunu aydın ifadə edir. Şübhəsiz ki, bu nailiyyətlər sadəcə enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın daha yaxşı rifaha çatması deməkdir.