Deputat: Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi qəbul olunur
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda istər üzv ölkə kimi, istərsə də onlara sədrlik etdiyi müddətdə həm ölkəmizə, həm də bu təşkilatlara böyük nüfuz qazandırıb. Sözsüz ki, bu, zəngin təcrübəyə və mükəmməl diplomatik biliyə və idarəetmə məharətinə malik olan Prezident İlham Əliyevin fəaliyyətinə görədir. Ötən illər ərzində müxtəlif beynəlxalq təşkilatlara sədrlik etdiyi müddətdə Prezidentimiz dəfələrlə unikal və zəruri əhəmiyyətə malik təşəbbüsləri ilə ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi qəbul edilir. Bu gün isə biz bu qürurverici fəaliyyətə Qoşulmama Hərəkatındakı sədrlik nümunəsində bir daha şahid oluruq. Beləliklə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfələr verib. Bu gün Prezident İlham Əliyevin qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və aktiv fəaliyyəti ilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzunun artdığı etiraf olunmaqdadır. 60 illik fəaliyyəti dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin 2023-cü ilin sonuna kimi uzadılması barədə qərarı Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisidir və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatı üzvlərinin legitim maraqlarını, eyni zamanda, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə böyük məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Azərbaycan Prezidenti 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Eyni zamanda, Prezident İlham Əliyevin Zirvə toplantısındakı təklifinə əsasən, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Cari ilin martında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Dövlətimizin başçısı Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində videoformatda çıxışında bildirib ki, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə arxalanır. Bu aspektdə postpandemiya mərhələsində qlobal bərpa üzrə yüksək səviyyəli BMT Panelinin yaradılması təşəbbüsünü də qeyd etmək lazımdır. Azərbaycan Prezidenti sözügedən panelin yaradılmasının vacibliyini cari il sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib.
Deputatın sözlərinə görə, bu gün məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı da ciddi addımlar atır. Təxminən bir həftə öncə Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirib. Prezident İlham Əliyev bu yubiley tədbirinin, Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində Qoşulmama Hərəkatına üzv dövlətləri artıq təsisatlanma ideyası üzərində düşünməyə də çağırıb və Azərbaycan sədr kimi məsləhətləşmələr apararaq Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəyini bildirib.