Deputat: Azərbaycanın Livandakı səfirliyinə hücum ermənilərin terror aktı kimi dəyərləndirilməlidir
Bakı, 31 avqust AZƏRTAC
Ermənilərin Livanda Azərbaycan səfirliyinə hücum edərək diplomatik nümayəndəliyin qapısına daş atmaları, onu deməyə əsas verir ki, sülh və dinc yaşamaq kimi anlayışlar Ermənistan üçün yaddır.
Bu sözləri Milli Məclisin deputatı Sadiq Qurbanov AZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, ötən gecə Azərbaycanın Beyrutdakı səfirliyinə qarşı törədilən vəhşilik terror aktı kimi qiymətləndirilməli və məsələ beynəlxalq təşkilatlar qarşısında qaldırılmalıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünyanın bir çox ölkəsində yığcam şəkildə yaşayan erməni diasporu məhz Ermənistan hökumətinin istəyini yerinə yetirir. Rəsmi Yerevan bu addımla dünya ictimaiyyətinə göstərmək istəyir ki, guya sadə ermənilər və xaricdə yaşayan insanlar Azərbaycanın Qarabağı azad etməsindən narahatdır. Bununla da Ermənistan münaqişəli vəziyyət yaratmaqla sülh prosesinə kölgə salmağa cəhd edir. Oxşar hadisə Fransada da baş vermişdi. Parisdəki səfirliyimizə hücum edib diplomatik nümayəndəliyin qapı və pəncərələrini sındıran ermənilər Fransa ictimaiyyətinin diqqətini sülh prosesindən yayındıra bildilər. Təsadüfi deyil ki, bu gün Fransa rəsmi olaraq sülhü və insanların dinc yaşamasını deyil, separatçılığı dəstəkləyir. Fransa siyasi xadimləri bu yolla həm yaxınlaşan seçkilərdə erməni diasporunun səslərini qazanmağa və Afrika qitəsindən qovulmasını Cənubi Qafqaz regionuna nüfuz etməklə kompensasiya etməyə çalışır. Bir sözlə, Fransa Emmanuel Makronun rəhbərliyi ilə siyasi korrupsiya ilə məşğul olur.
“Livanda baş verən hadisə də oxşar ssenari üzrə həyata keçirilib. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın Xankəndiyə göndərdiyi humanitar yardım kölgədə qalsın, dünya ictimaiyyətində və mətbuatda Azərbaycan rəhbərliyinin humanizmi deyil, ermənilərin hiddəti müzakirə olunsun. Lakin Azərbaycan rəhbərliyi ərazi bütövlüyü və suverenlik məsələsində qəti mövqe tutur. Azərbaycan xalqı heç zaman ərazisini güzəştə getməyəcək. Müstəqil siyasət aparmaq iqtidarında olmayan Ermənistan üçün beynəlxalq qanun və normalar sadəcə olaraq mövcud deyil. Bəzi dövlətlərin siyasətinin oyuncağına çevrilən Ermənistan artıq regionda qeyri-sabitlik faktoruna çevrilir. Təəccüb doğuran isə odur ki, beynəlxalq aləm Ermənistanın terror və sabitliyi pozmaq cəhdlərinə göz yumur.