MƏDƏNİYYƏT
Deputat: İnsanın əldə edilən nailiyyətlərinin hamısı kitabla əlaqədardır
Bakı, 1 sentyabr, AZƏRTAC
Kitab bəşəri dəyərdir, o insanın bilik və vərdişlər qazanmasında xüsusi rola malikdir. Heç də təsadüfi deyildir ki, insanın əldə etdiyi nailiyyətlərin hamısını kitabla əlaqələndirirlər. Cəmiyyətin inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Təcrübə göstərir ki, ən çox inkişaf edən xalqlar da ən çox oxuyan xalqlardır.
AZƏRTAC xəbər verir ki, bunu Dənizkənarı Milli Parkda “Oxuyan gələcək” kitab sərgisinin açılışında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O, fikrini davam etdirərək bildirib: “Azərbaycan dünya ədəbiyyatı xəzinəsinə daxil olan klassik şair və yazıçıların, alim və mütəfəkkirlərin vətənidir. Gənclər də Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına, Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində yaradılan bütün mənəvi sərvətlərə bələd olmalıdır, çünki hər bir xalqın böyüklüyü onun ədəbiyyatının zənginliyindən, həm də cəmiyyətin kitaba olan münasibətindən asılıdır. Ölkəmizdə ədəbiyyata, mədəniyyətə, kitaba olan diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə başlanılıb. Xalqımızın böyük şair, yazıçı və mütəfəkkirlərinin adları əbədiləşdirilib, onların yaratdığı əsərlərin təbliği sahəsində mühüm addımlar atılıb. 1982-ci ildə ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsi milli ədəbiyyatımızın təntənəsi idi. Həmin ənənə Prezident İlham Əliyev tərəfindən yaşadılır və davam etdirilir. Azərbaycan Milli Ordusu erməni işğalı altında olan torpaqlarımızın azad edilməsindən sonra Vaqif Poeziya Günləri bərpa olundu və artıq ikinci ildir qeyd edilir.
Bu günün reallığı ondan ibarətdir ki, hər bir gənc əsaslı təhsil almalı, müasir həyatın diktə etdiyi tələbləri mənimsəməlidir. Hər bir gənc dünyada siyasi, iqtisadi və sosial sahələrdə gedən bütün yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün hər bir gənc təkcə təhsil aldığı müəssisələrdə yiyələndiyi biliklərlə kifayətlənməməli, beynəlxalq təcrübəni, dünyada baş verən yenilikləri izləməli və öyrənməlidir. Əmin olmaq istərdim ki, bu gün başlanılan kitab sərgisi onun nəşrinə və yayımına öz töhfəsini verəcək, kitab kimi bəşəri dəyərin təbliği sahəsində müsbət rol oynayacaq”.