Deputat: Orqan transplantasiyasının uğurlu tətbiqi hər birimizin marağındadır
Bakı, 20 dekabr, AZƏRTAC
Bu gün Azərbaycan səhiyyə sahəsində dünya ölkələrinə nümunə ola biləcək inkişafa sahibdir. Çox sevindirici haldır ki, səhiyyənin orqan transplantasiyası işi insanlar tərəfindən maraqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 20-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə Bakıda “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov söyləyib.
O bildirib ki, ölkəmizdə orqan transplantasiyası işi ilə bağlı çox sayda tədbirlər keçirilib. Məhz Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən təşkil edilən bu tədbirlər səhiyyəmiz üçün əhəmiyyətli və vacib məsələlərə həsr olunur. Belə tədbirlərdə həkimlərimiz bu sahədə yeni innovasiyaların tətbiqi istiqamətində atılan addımları, islahatlar çərçivəsində lazım olan digər məsələləri müzakirə edirlər. Milli Məclis tərəfindən qəbul olunmuş “Orqan transplantasiyası” haqqında yenilənmiş qanunun tətbiqi üçün bu gün görülməli işlər çoxdur.
Deputat qeyd edib ki, bu gün dövlət rəhbərliyi, Heydər Əliyev Fondu məhz bu sahəyə xüsusilə önəm verir. Fondun vaxtında həyata keçirdiyi böyük təşəbbüsü, həmçinin görülən tədbirlər bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardır. Davamlı olaraq məhz orqan transplantasiyası ilə bağlı müraciətlər daxil olur. Məhz Tibbi Xidmətlər Zərfinin genişlənməsi, bu istiqamətdə əhaliyə göstərilən xidmətlərin miqyasının artması əhalini maraqlandıran əsas məsələlərdən biridir.
“Bu gün hər birimiz tariximizin ən şanlı günlərini yaşayırıq. Böyük qürur hissi ilə ölkəmizin davamlı inkişafının şahidiyik. Qeyd edim ki, hazırkı dövrdə dövlətimizi maraqlandıran və inkişafını arzulayan əsas sahə səhiyyə sahəsidir. Çünki bizim sosialyönümlü siyasətimizin inkişafı fonunda səhiyyəmizin inkişafı hər bir Azərbaycan vətəndaşını maraqlandıran bir sahədir. Məhz buna görə də səhiyyənin inkişafı üçün çox önəmli sahələrdən biri olan orqan transplantasiyasının uğurlu tətbiqi hər birimizin marağındadır”, - deyə S.Məmmədov əlavə edib.