Deputat: Qarabağ Zəfərimiz Prezident İlham Əliyevin xalqa və orduya inamının nəticəsidir
Bakı, 9 noyabr, AZƏRTAC
Vətən müharibəsi Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni Qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə Müzəffər Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.
Azərbaycanın tarixi Qələbəsi birliyimizin yenilməz gücünü ortaya qoydu. Bu baxımdan siyasi partiyalar arasındakı birlik və həmrəyliyi də xüsusilə vurğulamalıyıq. Belə ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərib. Siyasi partiyalar tərəfindən ümumilikdə, 8 birgə bəyanat və 2 müraciət imzalandı. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
T.Cəfərova bildirib ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq, iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqlı və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc qazandırdı. İmkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir.
“Qarabağ Zəfərimiz Prezident İlham Əliyevin qəti və prinsipial mövqeyinin, xalqa və orduya inamının nəticəsidir. Birliyimiz və həmrəyliyimiz vətənimiz Azərbaycanın etibarlı müdafiəsinə və qarşıdakı genişmiqyaslı quruculuq işlərinə öz bəhrəsini verəcək. Vətən müharibəsində özünü təsdiqləyən milli həmrəyliyimiz bundan sonra daha da möhkəm və qırılmaz olacaq.