“DƏYİRMİ MASA”DA MƏNZİL SERTİFİKATININ ÜSTÜNLÜKLƏRİNDƏN DANIŞILMIŞDIR
“Dəyirmi masa”nın işində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi və Dövlət Komitəsinin əməkdaşları da iştirak etmişlər.
Tədbirdə mənzil sertifikatının üstünlükləri, şərtləri, tətbiqinin xüsusiyyətləri və perspektivləri barədə müzakirələr aparılmışdır. Qeyd edilmişdir ki, son zamanlar Azərbaycanda geniş vüsət almış mənzil tikintisinin inkişafında və vətəndaşların mənzillə təminatında mənzil sertifikatlarının istifadəsi labüddür. Belə ki, yeni binaların tikilməsi, mövcud binaların bərpa edilməsi, yarımçıq tikililərin başa çatdırılması üçün lazım olan maliyyə vəsaitinin əldə edilməsində mənzil sertifikatı səmərəli maliyyə alətidir. Mənzil bazarının canlanmasında mənzil sertifikatının xüsusi rolu ondan ibarətdir ki, bu qiymətli kağızın sahibi, müqavilədən fərqli olaraq, onu sata, girov qoya, bağışlaya və digər mülki əqdlər bağlaya bilər. Bu da təkrar bazarın inkişafına təkan vermiş olur. Bundan başqa, mənzil sertifikatı üzrə hüquqların verilməsi ötürücü yazı (indossament) vasitəsilə həyata keçirilir ki, bu da onun dövretmə qabiliyyətini sürətləndirir.
Mənzil sertifikatının buraxılışı zamanı emissiya prospekti tərtib edilmir, dövlət rüsumu tutulmur və onun buraxılması həm emitentlər, həm də əhali üçün əlverişlidir.