DGK nümayəndə heyəti Banqkokda keçirilən beynəlxalq tədbirdə təmsil olunur
Bakı, 22 iyun, AZƏRTAC
Banqkokda Kağızsız Ticarət Şurasının ikigünlük sessiyası işə başlayıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, iyunun 19-21 tarixlərində isə Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyası keçirilib.
Tədbirlərdə ölkəmizi DGK sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Hər iki tədbiri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təşkil edib. Tədbirlərin əsas məqsədi Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələləri və fəaliyyəti müəyyən etməkdir.
Kağızsız Ticarət Şurasının sessiyasında Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsində əldə edilən irəliləyişin qiymətləndirilməsi və perspektivlərin müzakirəsi, Kağızsız Ticarət Şurasının ikinci iclasının hesabatının qəbulu və s. məsələlər nəzərdə tutulub.
Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyasında isə bu Sazişin prioritet vəzifələrinin icrası ilə bağlı müzakirələr, Sazişin həyata keçirilməsini sürətləndirmək və tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün strategiyalar və praktiki tədbirlər barədə fikir mübadiləsi aparılıb. Kağızsız Ticarət Şurasına təqdim ediləcək əsas tövsiyələr də daxil olmaqla iclasın hesabatı qəbul edilib.