DİLLƏR UNİVERSİTETİNDƏ AVSTRİYA MƏLUMAT MƏRKƏZİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yığıncağı açaraq dedi ki, bu mədəniyyət və informasiya mərkəzinin yaradılması ideyası Avstriyanın ölkəmizdəki səfirliyi tərəfindən hələ bir neçə il bundan əvvəl irəli sürülmüşdü. O zaman Avstriyadan gətirilmiş kitablar universitetimizə təqdim edilmiş və ədəbiyyatdan ayrıca guşə yaradılmışdır. Bu gün universitetimizdə Avstriyadan gətirilmiş 3 minə yaxın kitab vardır. Rektor bildirmişdir ki, mərkəz Avstriyanın ölkəmizdəki səfirliyi tərəfindən avadanlıqla və ədəbiyyatla təmin edilmişdir. Bu mərkəzin fəaliyyətindən təkcə müəllim və tələbələr deyil, Azərbaycanda Avstriya ilə maraqlanan hər bir kəs istifadə edə bilər.
Qeyd edilmişdir ki, Dillər Universiteti ilə Avstriya ali təhsil ocaqları arasında əlaqələr genişlənir. Hər il bir neçə tələbəmiz bu ölkədə öz təhsilini davam etdirir.
Avstriyanın ölkəmizdəki səfiri Haydemariya Gürer iki ölkə arasındakı əlaqələrdən danışmış, bu əlaqələrin inkişafında mərkəzin əhəmiyyətli rol oynayacağını bildirmişdir.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, mədəniyyət naziri Polad Bülbüloğlu, təhsil nazirinin müavini Elmar Qasımov və başqaları tədbir iştirakçılarını təbrik etmiş, mərkəzin işinə uğurlar arzulamışlar.
Sonra tədbir iştirakçıları mərkəzlə yaxından tanış olmuşlar.