Dillər Universitetində “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi, Doktorantura şöbəsi və Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva “Dərdimi çəkirəm” sənədli filmi barədə məlumat verib. O, “Dərdimi çəkirəm” sənədli filminin Xalq artisti, rejissor Vaqif Mustafayev tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alındığını bildirib.
Sonra 23 dəqiqəlik sənədli film nümayiş olunub.
Universitetin elmi işlər üzrə prorektoru professor Novruz Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də film barədə fikirlərini bölüşüb. O, filmin Xocalı faciəsinin acı xatirəsini yaşatmaq, eyni zamanda, erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rolunu qeyd edib.
Vaqif Mustafayev “Dərdimi çəkirəm” sənədli filminin Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində “Fəryad”, “Hər şey yaxşılığa doğru” filmlərindən sonra lentə aldığı sayca üçüncü film olduğunu deyib. O, filmin 30 il öncə baş vermiş dəhşətli hadisənin canlı şahidi olan və baş verənləri lentə almış hərbi operator Seyidağa Mövsümovun iştirakı ilə çəkildiyini diqqətə çatdırıb.