DİM: Tələbələrə dövlət qulluğu sistemi haqqında məlumat verilib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı Dövlət Universitetində (BDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva çıxış edərək gənclərin dövlət qulluğuna maraq göstərməsi və onların bu xidmətə daxil olmalarını stimullaşdırmağın, müvafiq sektorda fəaliyyət göstərmələrinə motivasiya yaratmağın əhəmiyyətindən danışıb.
Mərkəzin dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğu və kadr siyasəti məsələlərində daha mükəmməl və şəffaf modelə nail olmaq məqsədilə həyata keçirilən tədbirlər, qanunvericilik bazasında edilmiş zəruri dəyişikliklər, dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğunda çalışmağın üstünlükləri və digər məsələləri diqqətə çatdırıb.
DİM-in mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə mərkəzin saytı vasitəsilə dövlət qulluğu sahəsində göstərilən elektron xidmətlər - test imtahanlarında iştirak etmək üçün qeydiyyat prosesi, qəbul imtahanı proqramları, sertifikatların verilmə qaydası, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibə elanları, vəzifə təlimatı, müsahibələrə hazırlıq haqqında məlumat verib.
Sonra iştirakçıların sualları cavablandırılıb.