Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır
Bakı, 18 iyun, AZƏRTAC
Metrologiya sahəsində həyata keçirilən təşəbbüslər ölkənin infrastruktur və kadr potensialını gücləndirir. Bu təşəbbüsün əsas əhəmiyyəti ondan ibarətdir ki, həyata keçirilən əməkdaşlıq və görüşlər yalnız ən müasir avadanlıqların əldə olunması ilə məhdudlaşmır. Paralel olaraq ölkəmizdə metrologiya sahəsi üzrə kadr ehtiyatının formalaşdırılması və peşəkar insan resurslarının inkişaf etdirilməsi istiqamətində də sistemli tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin baş direktoru Xamis Seyranov media nümayəndələri üçün maarifləndirici təlim və mediaturda çıxışı zamanı səsləndirib.
Baş direktor bildirib ki, bu istiqamətdə yüksəkixtisaslı əməkdaşların hazırlanmasına xüsusi diqqət ayrılır, onların beynəlxalq təcrübəyə yiyələnməsi üçün məqsədyönlü proqramlar həyata keçirilir.
“Xüsusilə qeyd edilməlidir ki, əməkdaşlarımızın peşə hazırlığının artırılması məqsədilə qardaş Türkiyənin milli metrologiya institutunda genişmiqyaslı və uzunmüddətli təlim proqramları təşkil olunur. Bu proses nəticəsində ölkəmizin həm metrologiya infrastrukturu, həm də insan kapitalı daha da güclənir”, – deyə X.Seyranov vurğulayıb.
Onun sözlərinə görə, bu yanaşma keyfiyyət infrastrukturu üzrə fəaliyyətin vahid dövlət siyasəti əsasında həyata keçirilməsinə imkan yaradacaq və ölkədə daha səmərəli nəticələrin əldə olunmasına, beynəlxalq rəqabətqabiliyyətliliyin artırılmasına mühüm töhfə verəcək.
X.Seyranov qeyd edib ki, görülən işlər Azərbaycanın metrologiya və keyfiyyət infrastrukturu sisteminin müasir tələblərə uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə də xidmət edir.