BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb
Bakı, 18 iyun, AZƏRTAC
Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) nəzdində fəaliyyət göstərən Korporativ Tərəfdaşlıq Şurasının təşkilatçılığı ilə nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsi, enerji təhlükəsizliyi, rəqəmsallaşma və hava yükdaşımalarının inkişaf perspektivlərinə həsr olunan seminarlar keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, avtomobil nəqliyyatına dair seminarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunmuş nümayəndəsi Əliş İsmayılov şəhər nəqliyyat sistemlərinin dayanıqlılığının artırılması istiqamətində Azərbaycanın təcrübəsini bölüşüb. Ölkəmizdə ictimai nəqliyyatın ekoloji cəhətdən daha dayanıqlı modelə keçirilməsi məqsədilə elektrik avtobuslarının alınması və onların yerli istehsalı istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji səmərəliliyinin artırılması məqsədilə yeni yanaşmalar tətbiq olunur.
Aviasiya sahəsinə həsr olunan sessiyada isə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Rəqəmsal Məhsullar Mərkəzinin rəhbəri Sadiq Mehrəliyev “Aviaşirkətlərin rəqəmsal transformasiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda AZAL-da həyata keçirilən rəqəmsal transformasiya proqramı, uçuşların idarə olunması və sərnişin xidmət sistemlərinin modernləşdirilməsi və digər məlumatlar əksini tapıb.
Digər tədbirdə – hava yükdaşımalarına dair sessiyada AZAL-ın Yükdaşıma departamentinin rəhbəri Kamran Ramazanov “Hava limanı seçimi və mövcud infrastrukturun dayanıqlı hava yük əməliyyatlarına təsiri” mövzusunda təqdimatla çıxış edib. Yük operatorlarının hava limanı seçimində əsas meyarlar, o cümlədən bağlantılar, infrastruktur imkanları, gömrük prosedurlarının effektivliyi, rəqəmsal hazırlıq səviyyəsi barədə məlumat verilib.
Azərbaycanın təqdim etdiyi təcrübələr maraqla qarşılanıb və davamlı nəqliyyat sistemlərinin qurulması istiqamətində nümunəvi yanaşma kimi qiymətləndirilib.