DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Din-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sonuncunun idarə etdiyi “Chevrolet” markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 metadon həbi aşkar edilərək götürülüb. Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Mətanət Qaffarova və Nurlan Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.