DÜNYA
Dmitri Kuleba: Ukrayna İrana xəbərdarlıq edib
Kiyev, 6 dekabr, AZƏRTAC
Ukrayna Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələsində İranın hər addımını diqqətlə izləyir və belə davam edərsə, “tezliklə” buna uyğun hərəkət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba onlayn brifinqdə deyib.
“Biz hazırda Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələsində İranın hər addımını diqqətlə izləyirik. Bütün rasional arqumentlər onu göstərir ki, bu əməkdaşlığı dərhal dayandırmaq lazımdır. Amma Tehranda hansı yekun qərar veriləcəyini görsək, tezliklə buna uyğun hərəkət edəcəyik”, - deyə Kuleba bildirib.
Nazir vurğulayıb ki, Ukrayna bütün cəbhələrdə İran üzərində işləyir, o cümlədən Rusiyaya silah verilməsinin potensial nəticələri barədə rəsmi Tehranı xəbərdar edir.
“Bizim İran tərəfinə siqnalımız çox aydın idi. Birincisi, siz ya dayanacaqsınız, ya da özünüz üçün çətin nəticələr kompleksi ilə üzləşəcəksiniz. İkincisi, Rusiya ilə pilotsuz uçuş aparatlarının tədarükü sahəsində əməkdaşlıqdan sizin üçün nə fayda gətirirsə, digər silahların sizin üçün mənfi nəticələri hər hansı müsbətdən üstün olacaq”, - deyə Ukrayna XİN başçısı qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev