Dneprə raket hücumu nəticəsində ölənlər arasında soydaşlarımızın olub-olmaması araşdırılır
Kiyev, 15 yanvar, AZƏRTAC
Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olan və xəsarət alanlar arasında soydaşlarımızın olub-olmaması araşdırılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dneprdə yaşayan diaspor fəalı, tarixçi-alim Eldar Tağıyev məlumat verib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, həmin binada azərbaycanlı yaşamayıb.
"Raket hücumu baş verən bina yaşadığım mənzildən 100 metr aralıda yerləşir. Dünən partlayış baş verəndən sonra diaspor fəallarımız hadisə yerində olublar. Faciə qurbanları arasında azərbaycanlıların olması barədə hələlik hər hansı məlumat daxil yoxdur", - deyə Eldar Tağıyev əlavə edib.
Xatırladaq ki, Dneprdə çoxmərtəbəli yaşayış binasına edilən raket hücumu nəticəsində azı 18 nəfər həlak olub, 73 nəfər yaralanıb. Onların arasında uşaqlar da var. Xilasetmə işləri davam edir. Dağıntılar altında daha 40 nəfərin qaldığı ehtimal olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev